Humanitar böhran dərhal dayandırılsın !
İkinci Qarabağ müharibəsinin başa çatmasının üçüncü ildönümü yaxınlaşır. Siyasətçilər arasında keçirilən çoxsaylı görüşlər, bəyanatlar və çıxışlara baxmayaraq, indiyədək tərəflərdən heç biri sülh içində birgəyaşayış üçün zəruri şərait yaratmaq istiqamətində heç bir mühüm addım atmayıb.
Əksinə, son aylarda siyasi və hərbi təzyiq cəhdləri, Laçın dəhlizinin blokadaya alınması, Dağlıq Qarabağda humanitar böhran yaratmaq cəhdləri səngimir. Hər iki cəmiyyətdə revanşist və militarist fikirlər hələ də populyardır.
Güc tətbiq etmədən davamlı sülhə nail olmaq hamı üçün prioritet olmalıdır. İnsanların bir-birinə nifrət etməsi və zərər verməsinə, bir-birindən qorxmasına, bir-birini öldürməsinə son qoymaq üçün mümkün olan hər şey edilməlidir. Biz, vəziyyətin sülh yolu ilə nizamlanması istiqamətində aşağıdakı ilkin addımların atılmasını tələb edirik:
1. Dağlıq Qarabağ əhalisinin həyatını yenidən normal vəziyyətə gətirmək üçün tədbirlər görülsün.
2. Nifrət nitqi və təhdidlərin istifadəsinə (xüsusilə rəsmi səviyyədə) son qoyulsun.
3. Hərbi güc tətbiqindən imtina edilsin, münaqişə tərəfləri arasındakı təmas nöqtələrində hərbçilərin iştirakı minimuma endirilsin.
4. Qarşılıqlı anlaşma üçün şərait yaratmağa yönəlmiş mülki, mədəni və təhsil sahələrində hər hansı təşəbbüs və layihələrə dəstək verilsin.
5. Dağlıq Qarabağda birgəyaşayış konfiqurasiyalarının açıq ictimai müzakirəsi üçün konkret təkliflər verilsin. Nəzərə alsaq ki, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra siyasi cəhətdən əlverişli mövqe qazanıb, humanitar böhranlar yaradan ultimatumlardan və məcbur etmələrdən çəkinmək üçün əsas məsuliyyət məhz Azərbaycan hökumətinin üzərinə düşür. Bundan əlavə, Azərbaycan hökuməti sülh şəraitində birgə yaşamaq üçün siyasi iradə nümayiş etdirməlidir.
6. Ermənistan Respublikası hökuməti və Dağlıq Qarabağdakı siyasi elita da öz növbəsində revanşist fikirləri qidalandırmağa son qoymalı və bunun əvəzinə sülh içində birgəyaşayış diskurslarını təbliğ etməlidir.
7. Bölgədə yaşayan, orada qalmağı və ya qayıtmağı planlaşdıran insanlara kompromis həll yolları axtarışında fəal iştirak etmək imkanı yaradılsın və mifik millətçi ideyalardan əl çəkilsin.
8. Hərbi cinayətlər törətməyən bütün döyüşçülərə amnistiya elan olunsun, birinci və ikinci Qarabağ müharibələri zamanı törədilmiş hərbi cinayətlərin qərəzsiz, ədalətli və açıq şəkildə araşdırılması aparılsın. Müharibə cinayətkarlarının cəzalandırılması keçid ədalətinin tətbiqi və münaqişə tərəfləri arasında etimadın bərpası prosesində addımlardan biri hesab edilməlidir.
9. İmperialist aktorlar humanitar böhrandan öz geosiyasi məqsədləri üçün istifadə etmək kimi sinik yanaşmalarından əl çəkməlidirlər. Onların Dağlıq Qarabağdakı insan iztirablarına etinasızlığı qəbuledilməzdir.

