Biz kimik
Biz, postsovet məkanı və ətraf coğrafiyanın sülh tərəfdarları olaraq, bitməyən müharibələrə, imperialist rəqabətə, avtokratik idarəetməyə, qapalı sərhədlərə, artan millətçiliyə, irqçiliyə və dehumanizasiyaya, patriarxal zorakılığa, ətraf mühitin məhvinə və hegemon zorakılığın digər növlərinə qarşı hiddətlənərək həmrəylik təşəbbüsü ilə aşağıdakılara nail olmaq üçün birləşirik:
– bərabərsizliklərə, ədalətsizliyə və zorakılığın zülmkar formalarına qarşı mübarizə aparmaq;
– yeni imperialist, ekspansionist və millətçi müharibələrin artan təhlükələrinə müqavimət göstərmək;
– militarizmə və sülhə hərbi hücum yolu ilə nail olmaq ideyası əleyhinə təşviqat aparmaq;
– insanların gündəlik həyatında tətbiq oluna biləcək alternativ sülh modellərini gücləndirmək,
– milliyətindən asılı olmayaraq bütün postsovet məkanı və onun ətrafında müharibə əleyhinə olan və sülhpərvər insanlarla həmrəy olmaq;
– siyasi, iqtisadi və sosial zorakılıqdan əziyyət çəkən insanların səsini gücləndirmək;
– müxtəlif kimlik qruplarının dinc şəkildə yanaşı yaşaması üçün şərait yaratmaq;
– sülh yönümlü fəaliyyətləri yenidən siyasiləşdirmək.
“Postsovet məkanı” ifadəsində biz Sovet İttifaqının dağılmasından sonra yaranmış və aydın coğrafi sərhədləri olmayan, lakin insanların mədəni müstəvidə bağlı hiss etdikləri məkanı nəzərdə tuturuq.
Niyə indi?
Sovet İttifaqının dağılması ilə, bitməyən millətçi zorakılığın şahidi olmuşuq. Mərkəzi Asiya, Cənubi Qafqaz, Ukrayna, Rusiya və Moldovada davamlı müharibələri və toqquşmaları yaşamışıq.
Rusiya-Ukrayna münaqişəsinin 2022-ci ildə başlayan hərbi eskalasiyasının milyonlarla insanın həyatını məhv etməsi, mühüm iqtisadi və sosial infrastrukturu xaraba qoyması, bizi postsovet regionunda, eləcə də dünyada müharibələrə qarşı və sülh üçün qeyd-şərtsiz addımlar atmağa sövq edir. Biz birmənalı olaraq Rusiya dövlətinin Ukraynaya təcavüzünü pisləyib müqavimət göstərərək, bunu Sovet İttifaqının dağılmasından sonra qurulan dünya düzənində dönüş nöqtəsi kimi də qiymətləndiririk. Ukraynada şahid olduğumuz aşkar qəddarlıq və hərbi zorakılıq nəticəsində müharibəyə qarşı artan əhval-ruhiyyəni artıq daha dinc, əməkdaşlığa açıq və silahsızlaşdırılmış dünya üçün çalışan güclü xalq tələbinə çevirmək lazımdır.
Hazırda dünya getdikcə qütbləşir. Ən hərbiləşdirilmiş və qüdrətli dövlətlər dünya miqyasında güc uğrunda yarışmaq üçün növbəti rəqabət dövrünə açıq şəkildə daxil olurlar. Militarist imperializm və millətçilik qlobal və regional siyasətin üstünlük təşkil edən paradiqmasına çevrilib. Bir çox ölkələrdə təhsil, elm və sosial rifah üçün dövlət xərcləri azalır, hərbi xərclər isə durmadan artır. İqtisadi resurslar üzərində rəqabət getdikcə artır. Millətçi çərçivəli ekspansionist müharibələr getdikcə daha çox narazı olan əhalinin diqqətini yayındırmaq və müxtəlif sosial və kimlik qruplarını sıxışdırmaq üçün istifadə olunur. Bütün bu hadisələr nüvə silahının istifadəsi ilə nəticələnən planetimizdə həyatı dayandıra biləcək qlobal müharibəni mümkün ssenariyə çevirir.
Postsovet məkanına beynəlxalq təşkilatlar üçün yeni bazar kimi yanaşan liberal sülh quruculuğu etno-millətçi zorakılığın və müstəmləkə genişlənməsinin püskürməsinin qarşısını ala bilmədi. Bu yanaşma bürokratikləşdirməyə, siyasətsizləşdirməyə və sülh fəallığının qarşısını almağa xidmət etdi. Biz də bu məkanın insanları olaraq postsovet reallığında liberal sülh quruculuğunun “mədəniləşdirən” yanaşmasına qarşı birləşə bilməyərək neoliberal siyasətin cəmiyyətlərimizdə işlək demokratiya gətirəcəyinə dair illuziyaları dağıda bilmədik. Üstəlik, dövlət tərəfindən dəstəklənən millətçi narrativlər sosial və iqtisadi bərabərsizliklər, patriarxat və təbiətə qarşı istismarçı münasibət kimi zülmün əsl səbəblərindən yayındıran, yalançı şüura əsaslanan düşüncə tərzini gücləndirmişdir.
Post-sovet dövlətlərinin etno-millətçi kimlik siyasəti, tanınıb və ya tanınmamasından asılı olmayaraq onların müvafiq siyasi məkanlarında etno-millətçi kimlik siyasətinin hökmranlığına gətirib çıxararaq, etnik, dil və dini azlıqlara qarşı davamlı zorakılıq və təzyiqlərə səbəb olmuş, bundan əlavə gender, sosial-iqtisadi sinif, peşə və digər kimlik xüsusiyyətləri ilə müəyyən edilən digər kimlik qruplarının da marginallaşması və siyasi məkandan kənarlaşdırılması ilə nəticələnmişdir.
İnanclarımız və məqsədlərimiz
Ekspansionist, imperialist və millətçi müharibələri istəmədiyimiz üçün dinc həyatın qurulmasının əlimizdə olduğuna inanırıq. Bu cür muharibələr insanların gündəlik maraqlarına və ehtiyaclarına xidmət etmir və açıq şəkildə onlarla ziddiyyət təşkil edir.
Əsas istəyimiz davam edən ədalətsizliyi və zülmkar zorakılığı dayandırmaq, gələcəkdə siyasi və iqtisadi elitaların, eləcə də radikal milliyyətçilərin öz mənfəətləri üçün başlatdığı müharibələrin qarşısını almaqdır. Biz hərkəsin qlobal siyasətdə iştirak etmək hüququna inanırıq.
Etnik və milli mənsubiyyətlə müəyyən edilənlərdən başqa digər kimlik qruplarının da sülh prosesində iştirakını normallaşdırmaq olduqca vacibdir.
Biz inanırıq ki, məcburiyyət, rəqabət və zorakılıq olmadan alternativ bərabərliyə əsaslanan dünya qurmaq mümkündür.
Biz resursların ədalətli bölüşdürüldüyü, fərdlərin, icmaların və ətraf mühitin istismarının, yoxsulluğun, ayrı-seçkiliyin və zülmün olmadığı bir dünyaya inanırıq. Biz militarizmə, avtoritarizmə, ədalətsizliyə, nifrətə, irqçiliyə və ksenofobiyaya qarşı fəal şəkildə mübarizə apararaq belə bir dünyaya doğru çalışmaq istəyimizdə qətiyik.
Biz etiraf edirik ki, dünyanın sülh şəraitində birgə yaşaması üçün ideyalar müxtəlifliyinə və narrativlərin çoxluğuna ehtiyacı var. Bununla belə, biz millətçi, imperialist, neoliberal və avtoritar siyasətlərin nəzərdə tutduğu kimi ayrı-seçkiliyə və zülmkarlığa aparan antaqonizmi rədd edirik. Biz əminik ki, imperializm, millətçilik və neoliberal iqtisadi model fərdlərə, icmalara və sosial qruplara qarşı olan zülmü gücləndirir.
Təhsilin tənqidi təfəkkürün inkişafı və zülmkar hakim ideyalara alternativlər yaratmaq potensialı olduğundan, biz sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün insanlar üçün keyfiyyətli təhsilin olmasının vacibliyinə əminik.
Sülh tərəfinin müharibə tərəfinə qalib gələcəyinə əmin olmaq üçün sülh işinin özlüyündə siyasi güc olmasının vaxtıdır.
Biz heç bir dövlətin hökuməti ilə müttəfiqlik etmirik və milliyyətindən və vətəndaşlığından asılı olmayaraq bütün insanların hər yerdə dinc yanaşı yaşamaq hüququna inanaraq, təkcə insanların maraqları üçün çalışırıq.
Hansı öhdəlikləri götürürük
Biz inanırıq ki, təsəvvür etdiyimiz dünyaya çatmaq üçün ilk addım açıq-aşkar anti-militarist, anti-müharibə və sülh tərəfdarı mövqeyində olan həmrəylik şəbəkələrini sərhədlər, konformizm və rəqabət olmayan güclü bir transmilli xalq sülh hərəkatına çevirmək olmalıdır.
Biz postsovet məkanında müxtəlif qruplar arasında müharibə əleyhinə mədəniyyətlərarası açıq və konstruktiv dialoqu dəstəkləyirik.
Müharibədən zərər çəkmiş, eləcə də sosial ehtiyaclarını həll etmək və öz hüquqlarını müdafiə etmək baxımından müşkül vəziyyətdə olan bütün insanların və icmaların dəstəklənməsi üçün peşəkar bacarıqlarımızdan istifadə edəcəyik. Biz həm müharibələr və zorakılıqlar səbəbindən evlərini tərk edən insanlara, həm də daha ədalətli cəmiyyətlər axtaran və qurmaq istəyən siyasi və iqtisadi miqrantlara kömək edəcəyik.
Öz bilik və təcrübəmizi bölüşərək sülhpərvər insanlara dəstək olacağıq və onlardan da öyrənməyə səy göstərəcəyik. Biz postsovet regionunda və dünyada məcburiyyətə əsaslanan güc siyasətini dayandırmaq üçün əməkdaşlığa açığıq.
İnsanları sülh fəallığı haqqında məlumatlandırmaq və bu fəaliyyətə cəlb etmək üçün öz səylərimizi və enerjimizi sərf edəcəyik. Müharibə əleyhinə vətəndaş etirazlarının müxtəlif formalarını dəstəkləyəcəyik, onların transmilli sülh hərəkatının bir hissəsi olmasını alqışlayacağıq.
Biz qeyri-formal sülh təhsili proqramlarının və təşəbbüslərinin inkişaf etdirilməsinə və onların formal təhsil kurikulumları ilə əlaqələndirilməsinə kömək edəcəyik.
“Post Soviet Peace” təşəbbüsü gənclər ilə sülhü praktiki olaraq həyata keçirməyə yönəlmiş ictimai və siyasi təşəbbüsləri görüşdürən platforma rolunu oynayacaq.
Həmrəylik hərəkatımız sülhpərvər insanlara koordinasiya və dəstək platforması kimi xidmət edəcək. Biz birgə təşəbbüslərimiz üçün müstəqil maliyyə imkanlarını axtaracağıq.
Biz sülh dəyərlərinin təbliği və onların praktiki cəhətdən həyata keçirilməsini dəstəkləmək, eləcə də qruplararası nifrəti qızışdıran aparıcı və ifrat sağçı media ilə mübarizə aparmaq üçün informasiya texnologiyalarından istifadə edib, bu vasitələri inkişaf etdirəcəyik.
Biz sülh fəallığının inhisarlaşdırılmasına, bazarlaşmasına və marginallaşmasına qarşı durmaq üçün mexanizmlərin işlənib hazırlanması üzərində işləyəcəyik. Bu iş sülh prosesində sülh fəallarının səsini legitimləşdirmək məqsədi daşıyacaq.

